Vladimir ÇUROV: Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara uyğun təşkil olunmuşdur
Bakı, 9 oktyabr. Azərbaycanda keçirilən prezident seçkiəri beynəlxalq standartlara uyğun təşkil olunmuşdur. Müşahidə etdiyimiz məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməmişik.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə söyləmişdir.
M.Pənahov seçkilərə hazırlıq və səsvermənin təşkili barədə qonağa ətraflı məlumat vermiş və bildirmişdir ki, prosesdə şəffaflığın təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş bütün hallar tətbiq edilmiş, müşahidəçilər üçün lazımi şərait yaradılmışdır. Eyni zamanda, seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılmışdır ki, bununla da istənilən şəxs onlayn rejimdə səsvermənin gedişini həmin məntəqələrdə əvvəldən axıradək izləyə bilərlər.
Bakıda olduğu müddətdə seçkilərə hazırlıq məsələləri ilə yaxından tanış olduqğunu vurğulayan V.Çurov demişdir: "Biz Bakı ətrafında bir sıra dairə və məntəqələrdə olmuşuq. Seçkilər yüksək səviyyədə təşkil olunmuşdur. Səsvermənin gedişini izləyən müşahidəçilərin, eləcə də jurnalistlərin fəaliyyətində heç bir problem yoxdur. Səsvermə normal keçir. İlkin təssüratlarımız müsbətdir”.