Azərbaycanda bütün seçki məntəqələri beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunmuşdur
Bakı, 8 oktyabr. Oktyabrın 9-da keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycana gəlmiş MDB Parlament Assambleyası (PA) müşahidə missiyasının üzvləri oktyabrın 8-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşlər.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, MSK sədri Məzahir Pənahov prezident seçkilərinə hazırlıq barədə qonaqlara ətraflı məlumat vermiş və bildirmişdir ki, seçki məntəqələrinin hamısı müasir tələblərə və beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunmuşdur. Məntəqələr səsvermə prosesinə tam hazırdır. Əvvəlki illərdən fərqli olaraq bu seçkilərdə gözdən əlil və hərəkət məhdudiyyəti olan əlillərin də iştirakını təmin etmək üçün müəyyən tədbirlər görülmüşdür. Bu qəbildən olan insanların səsvermə hüququnun təmin edilməsi üçün hər cür şərait yaradılmış, məntəqlərdə onlar üçün panduslar quraşdırılmışdır. Görmə qabiliyyəti zəif olan insanlar üçün Brayl əlifbası ilə bülletenlər də hazırlanmşdır.
Komissiya sədri demişdir: "Seçkilərə hazırlıq çox yüksək səviyyədə aparılmışdır. Bunu beynəlxalq müşahidəçilər bizimlə görüşlərində də söyləyirlər. İnanırıq ki, seçkilərin sonuncu mərhələsini də uğurla başa vuracağıq”.
Nümayəndə heyətinin üzvü Oleq Lebedev ətraflı məlumata görə minnətdarlıq etmiş və bildirmişdir ki, MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri Azərbaycanın paytaxtında və regionlarında olmuşlar. Onlar artıq aralıq hesabat da hazırlamışlar. Bu gün isə MDB-yə üzv olan daha 7 ölkədən qısamüddətli müşahidəçilər gəlmişlər. Onlar da paytaxt Bakı və regionlarda olacaq, səsvermənin gedişini izləyəcəklər.İnanırıq ki, seçkilər uğurla başa çatacaqdır.