Qazaxıstanın və Latviyanın müşahidə missiyaları Azərbaycanda səsvermənin gedişini izləyəcəklər
Bakı, 8 oktyabr. Prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlmiş Qazaxıstan və Latviya Mərkəzi Seçki komissiyalarının rəhbərləri Kuanduk Turqankulov və Arnis Çimdars oktyabrın 8-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşlər.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, sədr M.Pənahov qonaqları salamlamış, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirmişdir.
M. Pənahov prezident seçkilərinə hazırlığın vəziyyətindən danışmış, seçkilərin şəffaflığı, demokratikliyi baxımından müşahidəçilik institutunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Sədr demişdir: "Biz seçkilərə hazırlığı və səsvermənin gedişini izləmək üçün bir çox ölkələrin seçki komissiyalarının rəhbərlərini və beynəlxalq təşkilatların nümayəndələrini dəvət etmişik. Seçki məntəqələri səsverməyə tam hazırdır”.
Qonaqlar bildirmişlər ki, seçkiqabağı vəziyyəti izləmək üçün Qazaxıstanın və Latviyanın müşahidə missiyaları Azərbaycandadır. Müşahidəçilər paytaxt Bakı ilə yanaşı respublikanın regionlarında olacaq, bir sıra görüşlər keçirəcək, səsvermə prosesini izləyəcəklər. Qonaqlar qeyd etmişlər ki, Azərbaycanın hərtəfəli inkişafı seçkilərin demokratik, azad, şəffaf və ədalətli keçirilməsinə zəmin yaratmışdır.