Prezident sçkilərində gözdən əlil və hərəkət məhdudiyyəti olan əlillərin də səsvermə hüququnun təmin edilməsi üçün hər cür şərait yaradılmışdır
Bakı,7 oktyabr. Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində gözdən əlil və hərəkət məhdudiyyəti olan əlillərin də iştirakını təmin etmək üçün müəyyən tədbirlər görüşlmüşdür. Bu qəbildən olan insanların səsvermə hüququnun təmin edilməsi üçün hər cür şərait yaradılmışdır.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana gəlmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri Halil Akıncı ilə görüşdə söyləmişdir. M.Pənahov seçkilərə hazırlıq barədə ətraflı məlumat vermiş, bildirmişdir ki, seçki məntəqələrinin hamısı müasir tələblərə və beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunmuşdur. Məntəqələr səsvermə prosesinə tam hazırdır.
Halil Akınci seçkilərə hazırlığın vəziyyətini yüksək qiymətləndirmiş, səsvermənin gedişini respublikanın regionlarında izləyəcəklərini bildirmişdir. O demişdir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 11 nəfərdən ibarət müşahidə missiyasının üzvləri Bərdə rayonunda, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları qəsəbə və şəhərciklərdə olacaqdır.