Azərbaycanda seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün çox mühüm işlər görülmüşdür
Bakı, 7 oktyabr. Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlmiş Moldova Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Yuri Çokan oktyabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, M.Pənahov qonağı salamlamış, prezident seçkilərinə hazırlığın vəziyyətindən danışmşdır. Sədr vurğulamışdır ki, seçkilərin şəffaflığı baxımından müşahidəçilik institutu mühüm əhəmiyyət kəsb edir. "Biz seçkilərə hazırlığı və səsvermənin gedişini izləmək üçün bir çox ölkələrin seçki komissiyalarının rəhbərlərini və beynəlxalq təşkilatların nümayəndələrini dəvət etmişik. Seçkilərin azad, dmokratik, ədalətli və şəffaf keçirilməsi üçün MSK qanunla müəyyən edilmiş bütün addımları atmışdır”-deyə, M.Pənahov vurğulamışdır.
Yenidən Bakıda olmağından məmnun qaldığını bildirən Yuri Çokan demişdir: "Azərbaycan gündən günə inkişaf edir, gözəlləşir. Azərbaycanda seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün çox mühüm işlər görülmüşdür. Bu baxımdan da, mən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının işini yüksək qiymətləndirirəm”.
Y. Çokan seçkilərin ən yaxşı beynəlxalq təcrübəyə uyğun keçiriləcəyinə inandığını vurğulamışdır.