Fiber-optik kabelləşmə MSK ilə dairə seçki komissiyaları arasında əlaqəni daha sürətli və təhlükəsiz etmişdir

05 oktyabr 2013 17:47

Seçki sisteminin daha da təkmilləşdirilməsi, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün müasir İnformasiya-Kommunikasiya Texnologiyalarının imkanlarından geniş istifadə olunur.

"SEÇKİLƏR” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı yaradılmışdır. Seçki sistemində avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

MSK Katibliyinin informasiya mərkəzindən Müstəqil Mətbuat Mərkəzinə bildirmişlər ki, Azərbaycan bu sahədə ön sıradadır. Ölkəmizdə bu sistem 2000-ci ildən tətbiq olunur. Sistem ildən-ilə təkmilləşdirilir, bu il isə bu sistemin imkanları daha da genişləndirilmişdir. Ölkə üzrə yaradılmış 125 dairə seçki komissiyasını hər birinin inzibati binasına optik kabel çəkilmişdir. Bununla da MSK-nın İnformasiya Mərkəzi və dairə seçki komissiyaları lokal şəbəkədə birləşmişdir. Bu şəbəkə çərçivəsində MSK-nın informasiya mərkəzi ilə dairə seçki komissiyaları arasında 1-10Gb/saniyə sürətli informasiya mübadiləsi aparmaq mümkündür. Bu da dairə seçki komissiyalarına imkan verəcəkdir ki, seçici fəallığı və seçkilərin ilkin nəticələri ilə bağlı məlumatları daha operativ və təhlükəsiz şəraitdə MSK-ya ötürsünlər. Bununla da həmin məlumatlar hesabat saatlarına uyğun olaraq KİV vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

Hesabat saatları seçki günü səsvermə başa çatana qədər 5 dəfə nəzərdə tutulmuşdur.

Oktyabrın 9-da saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçici fəallığı ilə bağlı məlumatlar yayımlanacaqdır.

Protokolların qəbulu başa çatdıqdan sonra isə namizədlərin topladıqları səslərin bölgüsü ilkin nəticə olaraq ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

İşin səmərəsinin artırılması məqsədilə dairə seçki komissiyalarının məsləhətçi-operatorları üçün praktik treninqlər də keçirilmişdir.

Operatorlara seçki günü məlumatları MSK-ya ötürmək üçün istifadə edəcəkləri "SEÇKİLƏR” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktik bilgi verilmiş, əyani formada istifadə qaydaları onlara öyrədilmişdir.