Seçki sisteminin daha da təkmilləşdirilməsi üçün bir sıra vacib addımlar atılır
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə seçki sisteminin daha da təkmilləşdirilməsi, seçkilərin demokratik, şəffaf, azad və ədalətli keçirilməsini təmin etmək üçün bir sıra vacib addımlar atır. İnformasiya Kommunikasiya Texnologiyaları sahəsindəki yeniliklərdən maksimum istifadə edir.
MSK Katibliyinin informasiyası mərkəzinin müdiri Rüfət Gülməmmədov Müstəqil Mətbuat Mərkəzinə bildirmişdir ki, seçki məntəqələrində veb-kameraların quraşdırılması da bunlardan biridir.
Bildirilmişdir ki, veb-kameraların tətbiqi ilə bağlı ilk dəfə olaraq 2008-ci ildə Azərbaycanda siyasi iradə ortalığa qoyulmuş və müvafiq qərar qəbul edilmişdir. Azərbaycanda səsvermənin gedişinin birbaşa internetdən izləmək üçün tətbiq olunan bu metod - məntəqələrdə veb-kameraların quraşdırılması xarici ölkə ekspertləri tərəfindən çox yüksək qiymətləndirilmişdir. Artıq bəzi ölkələr Azərbaycanın bu təcrübəsindən istifadə edirlər.
MSK rəsmisinin sözlərinə görə, Azərbaycanın işğal altında olan ərazilərini əhatə edən 6 seçki dairəsi istisna olmaqla qalan
119 seçki dairəsinin hüdudlarındakı 1000 (min) məntəqədə veb-kameralar quraşdırılmış, hazırda test rejimində yoxlama mərhələsindədir.
Veb-kameraların coğrafiyası çox genişdir.
Bəzi ölkələrdə veb-kameralar vasitəsilə səsvermənin gedişini izləmək üçün qeydiyyatdan keçib müvafiq icazə almaq tələb olunur. Azərbaycanda isə bununla bağlı heç bir məhdudiyyət yoxdur. İstənilən vətəndaş MSK-nın (cec.gov.az), Seçkilər İnformasiya Mərkəzinin (infocenter.gov.az) saytlarına və elektron hökumət portalında (e-gov.az) MSK-nın müvafiq elektron xidmətinə daxil olmaqla səsvermənin gedişini canlı izləyə biləcəkdir.
Əvvəlki illərdən fərqli olaraq bu dəfə smartfon tipli mobil qurğular vasitəsi ilə də səsvermənin gedişini izləmək mümkün olacaqdır.