İyulun 23-də Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Səfir Azərbaycanın seçki sistemi ilə maraqlanmış, qarşıdan gələn seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı atılan addımlar və planlaşdırılan layihələr barədə suallar vermişdir.
Mərkəzi Seçki Komissiyasının sədri ölkə üzrə seçicilərin vahid siyahısının dəqiqləşdirilməsindən, seçki subyektləri üçün planlanlaşdırılan genişmiqyaslı maarifləndirmə proqramlarından söz açmış və həmçinin bildirmişdir ki, bu tədbirlərin böyük hissəsinin beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsi nəzərdə tutulur. O, seçicilərin MSK-nın internet səhifəsi vasitəsilə seçki barədə lazımi məlumatları əldə etdiyini diqqətə çatdırmış və eyni zamanda, adlarının seçici siyahılarında yoxlanmasının internet vasitəsilə də mümkün olduğunu vurğulamışdır. MSK sədri həyata keçirilmiş və reallaşdırılması planlaşdırılan digər layihələr barədə də məlumat vermişdir.
Görülmüş işləri və nəzərdə tutulan layihələri təqdir edən səfir, internet resurslarından belə geniş istifadənin faydalı olduğunu və veb-kameraların tətbiqinin şəffaflığın artırlmasında əhəmiyyətli rol oynadığını bildirmişdir.
Görüşdə qonaqların digər sualları da cavablandırılmış və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.