Mətbuat Şurası Müstəqil Mətbuat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirir
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri oktyabrın 5-də Müstəqil Mətbuat Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olmuş, burada yerli və xarici jurnalistlər üçün yaradılmış şəraitlə maraqlanmışlar.
Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov qonaqlara məlumat vermişdir ki, mərkəz Azərbaycanda keçiriləcək prezident seçkilərini geniş, operativ, obyektiv işıqlandırılması və seçkilərin şəffaflığının təmin edilməsi məqsədilə yaradılmışdır. Mərkəz oktyabrın 2-də fəaliyyətə başlamışdır.
Müstəqil Mətbuat Mərkəzi bütün yüksək tələblərə cavab verən avadanlıqla təmin edilmişdir. Burada jurnalistlərin, beynəlxalq və yerli müşahidəçilərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.
Mərkəz mətbuat konfransları keçirmək, bəyanatlar vermək üçün açıqdır. Namizədlər öz təşviqat materiallarını burada yerləşdirə bilərlər.
Sonra mərkəzin əlaqələndiricisi Elşad Fərzəliyev demişdir ki, mərkəz səhər saat 9:00-dan axşam saatlarınadək fəaliyyət göstərir. Burada xarici və yerli jurnalistlər heç bir maneə olmadan seçkilərlə bağlı məlumatları öz mətbu orqanlarına göndərə bilərlər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov belə bir mərkəzin yaradılmasının seçkilərin geniş, operativ, obyektiv işıqlandırılması və seçkilərin şəffaflığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Mətbuat Şurası idarə heyətinin üzvləri burada yaradılmış şəraitlə tanış olmuşlar. "Mərkəzin bütün lazımi avadanlıqla, eləcə də yüksək sürətli internetlə təmin olunması, jurnalistlər üçün burada normal iş şəraitinin yaradılması çox yaxşıdır. Biz bunu yüksək qiymətləndiririk. İnanırıq ki, jurnalistlər də bu imkandan istifadə edərək seçkilərlə bağlı obyektiv, doğru və qərəzsiz məlumatlar yayacaqlar.” – deyə, Əflatun Amaşov bildirmişdir.
Sonra Mətbuat Şurası idarə heyətinin üzvləri, ayrı-ayrı qəzetlərin baş redaktorları mərkəzlə bağlı fikirlərini bölüşmüşlər.