Məzahir Pənahov: Müstəqil Mətbuat Mərkəzinin yaradılması təcrübəsi inkişaf etmiş ölkələrdə tətbiq olunur
Oktyabrın 9-da Azərbaycanda keçiriləcək Prezident seçkilərinin geniş, operativ, obyektiv işıqlandırılması və seçkilərin şəffaflığının təmin edilməsi məqsədilə Müstəqil Mətbuat Mərkəzi yaradılmışdır. Mərkəz oktyabrın 2-də fəaliyyətə başlamışdır.
Mərkəzin açılışında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov demişdir ki, Müstəqil Mətbuat Mərkəzinin yaradılması təcrübəsi inkişaf etmiş ölkələrdə tətbiq olunur.
Müstəqil mətbuat mərkəzi bütün yüksək tələblərə cavab verən avadanlıqla təmin edilmişdir. Burada jurnalistlərin, beynəlxalq və yerli müşahidəçilərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.
Mərkəz bütün səviyyədə mətbuat konfransları keçirmək, bəyanatlar vermək üçün açıqdır. Namizədlər öz broşurlarını, məlumat materiallarını burada yerləşdirə bilərlər.