MSK Sədri Məzahir Pənahov Türk PA-nın müşahidə missiyasının üzvləri ilə görüşmüşdür
02 oktyabr 2013 20:49
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin gedişini izləmək üçün Azərbaycana gəlmiş Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidə missiyasının üzvləri oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşlər.
TürkPA-nın nümayəndə heyəti qardaş ölkədə seçkiləri müşahidəçilikdən məmnun olduqlarını söyləmiş, Azərbaycanın seçki sistemi, seçki qurumlarım təşkili prinsipləri və fəaliyyət istiqamətləri ilə maraqlanmışlar.
MSK sədri qonaqlara Azərbaycanda seçki sistemi, seçki institutlarının fəaliyyəti və prezident seçkiləri ilə bağlı ətraflı məlumatlar vermişdir. Məzahir Pənahov bildirmişdir ki, seçki məntəqələri səsverməyə tam hazırdır. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış səsvermə prosedurları və səsverməyə çağırış məzmunlu videoçarxlar ölkə telekanallarının efirində mütəmadi olaraq yayımlanır. Səsvermənin yeri və vaxtı barədə bildirişlər hazırlanaraq seçicilərə çatdırılmışdır. Səsvermə günü ilə bağlı müxtəlif məzmunlu plakatlar hazırlanaraq əhalinin sıx olduğu yerlərdə asılmışdır.
Qeyd olunmuşdur ki, bu günədək 40 mindən çox müşahidəçi, o cümlədən 1300-ə yaxın beynəlxalq müşahidəçi qeydə alınmış, 5491 seçki məntəqəsinin 20 faizində veb-kameralar quraşdırılmışdır.
MSK sədri seçki prosesinə hazırlıqla bağlı qonaqları maraqlandıran digər sualları da cavablandırmışdır.