Prezident seçkilərilə bağlı səsvermə bülletenlərinin çap olunması prosesinə başlanılmışdır

28 sentyabr 2013 15:12

Sentyabrın 28-də Milli Məclisin mətbəəsində qarşıdan gələn prezident seçkilərilə bağlı səsvermə bülletenlərinin çapına başlanılmışdır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov həmin mətbəədə səsvermə bülletenlərinin, dairə və məntəqə seçki komissiyalarının yekun protokollarının çap olunması prosesi ilə tanış olmuşdur. Sözügedən sənədlərin çapına başlanılmasından danışan MSK sədri Məzahir Pənahov jurnalistlərə bildirmişdir ki, 5 milyon 149 min 255 bülleten çap olunacaqdır. Çap olunmuş bülletenlərin və protokolların dairə seçki komissiyalarına paylanılmasına sentyabrın 30-dan başlanılacaq və oktyabrın 4-də bu proses başa çatdırılacaqdır.


MSK sədri qeyd etmişdir ki, bülletenlərin çap olunma və paylanma prosesini beynəlxalq müşahidəçilər və KİV nümayəndələri də izləyə biləcəklər. Seçki bülletenlərinin və yekun protkollarının çapı prosesinin mühafizəsi isə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.


Sonda Məzahir Pənahov qeyd etmişdir ki, Azərbaycanda prezident seçkiləri tam şəffaf, vətəndaşların konstitusion hüquqlarının qorunması çərçivəsində həyata keçiriləcəkdir.