Sentyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Sentyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 25 sentyabr 2013-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra oktyabrın 9-u 2013-cü ilə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində "Rəy” Monitorinq Mərkəzinin "exit poll” keçirmək üçün qeydə alınması barədə müraciətinə baxılmışdır. Komissiya həmin qurumun qeydə alınması barədə qərar qəbul etmişdir.
"Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi və "Konstitusiya” Araşdırmaları Fondunun "exit poll” keçirmək üçün qeydə alınmaq barədə müraciətlərinə də müsbət cavab verilmişdir.
Komissiya prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təqdim olunmuş 26 nəfərin səlahiyyətli nümayəndə və 13 nəfərin isə vəkil edilmiş şəxs kimi qeydə alınması barədə qərar qəbul etmişdir.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə də baxılmışdır. Müraciətlərdən birinin qanunla müəyyən olunmuş müraciət olunma müddəti ötürüldüyündən şikayətçinin özünə qaytarılması barədə qərar qəbul edilmiş, digər iki müraciət isə əsassız olduğundan təmin edilməmişdir.
MSK cari məsələlərə də baxmışdır.
İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.