Mərkəzi Seçki Komissiyasında vebkameralara texniki nəzarət mərkəzinə baxış keçirilmişdir
Bakı, 27 sentyabr (AzərTAc). Sentyabrın 27-də
Mərkəzi Seçki Komissiyasının (MSK) binasında yerləşən vebkameralara texniki
nəzarət mərkəzinə baxış keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə MSK sədri
Məzahir Pənahov və Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov
seçki prosesində informasiya kommunikasiya texnologiyalarından (İKT)
istifadənin genişləndirilməsi ilə bağlı görülmüş işlərlə tanış olmuşlar.
Rabitə və informasiya texnologiyaları nazirinin
müavini İltimas Məmmədov seçkiyə hazırlıqla bağlı görülmüş işlər haqda məlumat
vermişdir. Bildirilmişdir ki, ölkə ərazisində yerləşən 125 dairənin hər birinə
optik xətt çəkilmişdir
İ.Məmmədov qeyd etmişdir ki, seçki
məntəqələrində quraşdırılmış veb-kameraların sayı 500-dən 1000-ə
çatdırılmışdır. MSK-nın binasında yerləşən vebkameralara texniki nəzarət
mərkəzində daim bu görüntülərə nəzarəti təmin etmək və keyfiyyəti tənzimləmək
mümkün olacaqdır. Diqqətə çatdırılmışdır ki, seçki günü "Elektron hökumət”
portalı və MSK-nın müvafiq internet səhifələri vasitəsilə həmin veb-kameralara
qoşulmaqla səsvermə prosesini canlı izləmək mümkün olacaqdır.
Tədbirdə MSK katibliyinin informasiya mərkəzinin
müdiri Rüfət Gülməmmədov təqdimatla çıxış etmişdir. Bildirilmişdir ki, MSK-nın
veb-saytı yeni dizayn və məzmunda istifadəçilərin istifadəsinə verilmişdir.
Burada məlumatlar Azərbaycan və İngilis dillərində sinxron təqdim olunur.
Qeyd edilmişdir ki, MSK seçicilərə göstərdiyi
xidmətlərin bir qrupu elektronlaşdırılmış və "elektron hökumət” portalına
qoşulmuşdur. MSK tərəfindən altı xidmət "elektron hökumət” portalı
vasitəsi ilə seçicilərin istifadəsinə verilmişdir. Seçki günü isə daha üç
xidmət seçicilərə təqdim olunacaqdır.
R.Gülməmmədov diqqətə çatdırmışdır ki, seçicilər
"elektron hökumət” portalına inteqrasiya olunmuş xidmət vasitəsilə adını,
soyadını, atasının adını, cinsini və təvəllüdünü yazmaqla səs verəcəyi
məntəqəni və həmin məntəqənin aid olduğu dairəni müəyyənləşdirə bilərlər.
Seçicilərin həmin dairənin və məntəqənin yerini xəritə üzərində görmək imkanı
da vardır. Həmçinin, seçicilər olduqları yeri xəritə üzərində qeyd edərək
məntəqəyə gedən yolu müəyyənləşdirə biləcəklər.
Rüfət Gülməmmədov qeyd etmişdir ki, MSK-ya
seçici siyahısı ilə bağlı 4915 online müraciət daxil olmuşdur. Müraciətlərdən
4560-ı təmin edilmiş, 355 müraciət isə anonim olduğundan onların müraciətinin
təminatı mümkün olmamışdır.
MSK-sədri Məzahir Pənahov qeyd etmişdir ki,
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə
olunmuş nailiyyətlərdən seçki prosesinin şəffaf keçirilməsində geniş istifadə
olunur. M. Pənahov qeyd etmişdir ki, artıq MSK-da müasir İKT sisteminin tətbiqi
genişləndirilmişdir. Bütün seçki dairələri və məntəqələr müasir rabitə
sistemləri ilə tam təmin olunmuşdur.
Rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov isə vurğulamışdır ki, səsvermə günü seçki məntəqələrində prosesə
nəzarət etmək üçün quraşdırılmış veb-kameralara nəzarət sistemi müasir
texnologiyalarla təmin edilmişdir və tam hazır vəziyyətdədir, bütün məntəqələr
dayanıqlı rabitə ilə təchiz edilmişdir.