Sentyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Sentyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 21 sentyabr 2013-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra oktyabrın 9-u 2013-cü ilə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində "ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin "exit poll” keçirmək üçün qeydə alınması barədə müraciətinə baxılmışdır. Komissiya həmin qurumun qeydə alınması barədə qərar qəbul etmişdir.
MSK "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin də "exit poll” keçirmək üçün qeydə alınması barədə müraciətinə baxmışdır. Həmin ictimai birliyin qeydə alınması üçün hüquqi əsasların olmadığı bildirilmiş və qeydə alınmasından imtina barədə qərar qəbul edilmişdir.
İclasda Ədalət partiyasının 3, Azərbaycan Sosial Demokrat Partiyasının isə 2 nəfər vəkil edilmiş şəxsi qeydə alınmışdır.
Komissiyaya daxil olan müraciətə də baxılaraq aidiyyatı üzrə araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinə və Bakı Metropoliteninə göndərilməsi qərara alınmışdır.
MSK cari məsələlərə də baxmışdır.
İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.