Sentyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Sentyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 19 sentyabr 2013-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Cəmil Həsənli tərəfindən təyin edilmiş Mənsum Bayramov Mərkəzi Seçki Komissiyasının məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilmişdir.
İclasda prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təqdim olunmuş 112 nəfərin səlahiyyətli nümayəndə kimi qeydə alınmaları barədə qərar qəbul edilmişdir.
Komissiya prezidentliyə namizəd Cəmil Həsənlinin müraciətinə əsasən, səlahiyyətli nümayəndə Həsən Şıxəliyevin qeydiyyatının ləğvi və MSK tərəfindən ona verilmiş lövhəciyin etibarsız hesab olunması barədə qərar çıxarmışdır.
İclasda seçkiqabağı təşviqat qaydalarının pozulması ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır. Komissiya barələrində şikayət edilmiş namizədlərdən birinə xəbərdarlıq, digərinə isə ciddi xəbərdarlıq olunması barədə qərar qəbul etmişdir. Həmçinin qərara alınmışdır ki, təşviqat aparmaq hüququna malik olan subyektlər, xüsusilə də "dəyirmi masa” iştirakçıları tərəfindən seçkiqabağı təşviqat aparılarkən qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının və sui-istifadə hallarına yol verilməməsinin zəruriliyi bir daha onların diqqətinə çatdırılsın. Qərarda "Dəyirmi masa”nın yüksək keyfiyyətlə təşkili və aparılması üçün qanunvericiliklə müəyyən olunmuş hədlərdə və qaydada daha münasib üsul və vasitələrin müəyyən olunmasının və tətbiqinin zəruriliyinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin diqqətinə çatdırılması da vurğulanmışdır.
MSK cari məsələlərə də baxmışdır.
İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.