Trenerlər üçün treninqlər davam etdirilir
Mərkəzi Seçki Komissiyası seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün mütəmadi olaraq layihələr hazırlayaraq həyata keçirir. 2002-ci ildən əsası qoyulmuş və artıq ənənə halını almış layihələrdən biri də aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə olunmaqla həyata keçirilən treninq layihəsidir. Əvvəllər bu layihə kiçik trenerlər qrupu vasitəsilə həyata keçirilirdi. 2008-ci ildən etibarən isə Mərkəzi Seçki Komissiyası Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 yerli trener hazırlamışdır. Bu trenerlər bir neçə ildir ki, dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayır. 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı da aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə 2 mərhələli treninq layihəsi hazırlanmışdır.
Artıq birinci mərhələ çərçivəsində həyata keçirilən "Trenerlər üçün Treninq”ə sentyabrın 18-dən start verilmişdir. Treninq bu gün də davam etdirilmişdir.
Treninqlər zamanı 125 seçki dairəsindən olan 250 yerli trener seçkilərdə səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılır, praktiki məşğələlər zamanı seçki günü ortaya çıxa biləcək müstəsna hallar əhatə olunur. Tədbir zamanı habelə, əvvəlki seçkilər zamanı keçirilmiş treninqlərdə əldə olunmuş təcrübə müzakirə edilərək iştirakçılara lazımi tövsiyələr verilir. Treninqlərdə MSK-nın treninq qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçilir, "Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri”, "Seçki günü prosesləri və müstəsna hallar”, "Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması” və "Əvvəlki treninqlərdə qazanılmış təcrübə, seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması” mövzularında təqdimatlar edilir, müzakirələr aparılır.
MSK Treninq qrupu layihənin ikinci mərhələsində istifadə olunması məqsədilə aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün lazımi məlumatları əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq seçki dairələri üzrə treninq qruplarına təqdim edəcəkdir.
Aşağı seçki komissiyaları üçün treninqlərin ikinci mərhələsi sentyabrın 23-dən etibarən başlayacaq və Mərkəzi Seçki Komissiyasının Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən 25-30 nəfərlik kiçik qruplar üçün əyani vəsaitlərdən istifadə edilməklə keçiriləcəkdir. Bu proses təqribən 15 günədək davam edəcəkdir. Treninq çərçivəsində aşağı seçki komissiyası üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılacaqlar. Habelə, treninqlər zamanı hər bir MnSK üzvünə "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunacaqdır. Treninqlərin sonunda MSK-nın hazırladığı, səsvermə günü seçki məntəqəsində icra olunacaq hərəkətləri özündə əks etdirən videofilm nümayiş etdiriləcəkdir.
Bütünlükdə bu treninqlərdə 32 000-dən artıq komissiya üzvünün iştirakı nəzərdə tutlur.
Albom: MSK-nın treninqləri