Mərkəzi Seçki Komissiyası tərəfindən trenerlər üçün treninq keçirilmişdir
Bakı, 18 sentyabr (AzərTAc). Sentyabrın 18-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən trenerlər üçün treninq təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri açan MSK sədrinin müavini Natiq Məmmədov treninqin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, trenerlərin peşəkarlığı və yüksək biliklərə malik olmaları seçkilərin daha yüksək səviyyədə keçirilməsində mühüm rol oynayır. Azərbaycanda seçkilərin keyfiyyəti ildən-ilə yüksələrək müasir standartlara uyğunlaşdırılır. Bunun da əsas səbəbi MSK-nın praktik seçki təcrübəsinin artmasıdır.
Trenerlərin məsuliyyətindən danışan Natiq Məmmədov qeyd etmişdir ki, seçicilərin öz seçki hüquqlarını reallaşdırmasında mühüm rol oynayan məntəqə seçki komissiyalarının maarifləndirilməsində onların üzərinə böyük məsuliyyət düşür.”
Natiq Məmmədov diqqətə çatdırmışdır ki, əvvəlki illərə nisbətən bu il ölkədə keçiriləcək seçkilərlə bağlı maarifləndirmə tədbirlərinin artdığı müşahidə olunur. Seçicilərin və təşkilatçıların maarifləndirilməsi üçün əyani vəsaitlərin də sayı artmışdır. MSK bu istiqamətdə işlərini bundan sonra da davam etdirəcəkdir.
Tədbirdə "Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri”, "Seçki günü prosesləri və müstəsna hallar”, "Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolunun doldurulması” və "Əvvəlki treninqlərdə qazanılmış təcrübə, seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması” mövzusunda MSK-nın treninq qrupunun mütəxəssisləri tərəfindən təqdimatlar edilmiş, müzakirələr aparılmışdır.
Treninqin gedişində seçki gününə həsr olunmuş praktiki məşğələlərə geniş yer verilmişdir.
Treninqlər 4 gün davam edəcəkdir.
Albom: MSK-nın treninqləri