Mərkəzi Seçki Komissiyasında görüş
Sentyabrın 18-də Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi, ATƏT–in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazən və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşlər.
Səmimi qəbula görə təşəkkürünü bildirən M. Vuazən qarşıdan gələn seçkiləri müşahidə məqsədilə Azərbaycanda olduqlarını qeyd etmiş və Azərbaycan Respublikasında mövcud seçki institutları, müşahidəçiliyin prisnipləri və seçki qanunvericiliyndən irəli gələn digər tələblər və seçkiqabağı hazrılğın vəziyyəti barədə məlumat verilməsini xahiş etmişdir.
Azərbaycan seçki qanunvericiliyində vətəndaşların aktiv və passiv seçki hüquqlarının reallaşdırılması üçün müəyyən olunmuş hüquqi normalar barədə qonaqlara ətraflı məlumat verən Komissiya sədri həmçinin, rəhbərlik etdiyi qurum tərəfindən azad və ədalətli seçkilərin keçirilməsi üçün görülən işlərdən söz açmışdır. O, Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirmiş və həyata keçirilən maarifləndirici layihələrin bir çoxunun həmin təşkilatlarla birgə gerçəkləşdirildiyini söyləmişdir.
Görüşdə seçkilərə hazırlığa dair digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Qonaqlar ətraflı məlumata görə MSK sədrinə minnətdarlıq etmiş və seçkilərin hazırlanıb keçirilməsi işində uğurlar arzulamışlar.