Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü ilə bağlı püşkatma keçirilmişdir
Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölüşdürülməsi məqsədilə püşkatma mərasimi keçirilmişdir.
Mərasimi açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirmişdir ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin qeydiyyatı başa çatmış, bu gündən etibarən seçkiqabağı təşviqata start verilmişdir. O, Seçki Məcəlləsinin tələblərinə əsasən, prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətindən ödənişsiz əsaslarla efir vaxtı almaq hüquqları olduğunu xatırlatmış və qeyd etmişdir ki, seçki qanunvericiliyində nəzərdə tutulduğundan 2 dəfə artıq, həftədə 6 saat efir vaxtı ayrılmışdır. Efir vaxtı təqdim etmiş qurumun imkanları daxilində həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 21.00-dan başlamaqla, hər dəfə 1 saat olmaqla radioda, həftəlik cəmi 3 saat, 2-ci, 4-cü və 6-cı günlər isə TV-də saat 19.00-dan başlamaqla hər dəfə 1 saat olmaqla, həftəlik 3 saat istifadəçilərə təqdim edilməsinə dair Mərkəzi Seçki Komissiyası ilə həmin qurum arasında razılığa gəlinmişdir. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, ayrılmış efir vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada həmin vaxtdan istifadə etmək hüququ olan subyektlər arasında bölüşdürülməsi məqsədilə püşkatma komissiyası yaradılmış, püşkatmanın keçirilməsi tarixi və vaxtı müəyyən olunmuşdur. Komissiya sədri diqqətə çatdırmışdır ki, püşkatmanın keçirilməsi üçün bütün lazımi şərait var və qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin, beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəçiliyi ilə püşkatmaya başlamaq olar.
Sonra püşkatma keçirilmiş və püşkatmanın nəticələri protokolla rəsmiləşdirilmişdir. Püşkatmanın nəticələrinə görə, prezidentliyə qeydə alınmış namizədlər Zahid Oruc, İqbal Ağa-zadə, Hafiz Hacıyev, Sərdar Məmmədov, Qüdrət Həsənquliyev, yaxud onların səlahiyyətli nümayəndələri müvafiq ardıcıllıqla "Dəyirmi masa”nın aparıcısından sağda, prezidentliyə qeydə alınmış namizədlər İlham Əliyev, İlyas İsmayılov, Fərəc Quliyev, Araz Əlizadə və Cəmil Həsənli və yaxud onların səlahiyyətli nümayəndələri müvafiq ardıcıllıqla "Dəyirmi masa”nın aparıcısından solda əyləşməlidirlər.