"Seçki günü üçün yaddaş" işıq üzü görüb
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 9 oktyabr 2013-cü ilə təyin edilmiş prezident seçkiləri ilə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün "Seçki günü üçün yaddaş” kitabçası hazırlayaraq aşağı seçki komissiyalarına çatdırılmasını təmin etmişdir. Yaddaş kitabçasının girişində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciəti yer almışdır. Müraciətdə MSK-nın sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır.
"Seçki günü üçün yaddaş”da məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunmuşdur. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.
Xatırladaq ki, "Seçki günü üçün yaddaş” Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.