Polis əməkdaşları üçün yaddaş kitabçası işıq üzü görüb
13 sentyabr 2013 11:30
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir. Komissiya bu dəfə "Polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair Yaddaş Kitabçası” hazırlayaraq çap etdirmişdir. Yaddaş kitabçasının mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmışdır. Kitabça 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuşdur. Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilmişdir. Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, "Polis haqqında” qanun və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.