Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında olmuşlar
Sentyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Xüsusi Komitəsinin oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin müşahidəsi üzrə missiyasının rəhbəri Robert Volterin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşlər.
MSK sədri AŞPA müşahidəçilərinin qarşıdan gələn prezident seçkilərində müşahidəçilik missiyasını həyata keçirəcəklərindən məmnun olduğunu qeyd etmişdir.
Missiyanın rəhbəri seçkilərdə müşahidəçilik institutunun önəmli olduğunu və MSK-nın seçkilərin keçirilməsində vacib rol oynadığını demişdir.
Nümayəndə heyətinin rəhbəri ölkədəki seçkiqabağı vəziyyətlə maraqlanmışdır.
Sədr qonaqları ölkədəki seçkiqabağı durum barədə məlumatlandırmış və rəhbərlik etdiyi qurumun seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı gördüyü işlərdən danışmışdır. Vətəndaşların seçki hüququnun təmin edilməsi üçün lazımi işlərin görüldüyünü qeyd edən M.Pənahov ölkədəki seçki məntəqələrinin səsverməyə tam hazır vəziyyətə gətirilməsi üçün bütün qanuni addımların atıldığını diqqətə çatdırmışdır. O, bildirmişdir ki, şəffaflığın təmin edilməsi məqsədilə müşahidəçilik üçün quruma müraciət edən şəxslərin hamısına müsbət cavab verilir. Komissiya sədri bildirmişdir ki, ötən seçkilərin təcrübəsinə əsaslanaraq qarşıdan gələn seçkiləri on minlərlə müşahidəçinin izləyəcəyini ehtimal etmək olar.
Qonaqların suallarını cavablandıran M.Pənahov MSK-nın həyata keçirdiyi irimiqyaslı maarifləndirmə proqramı haqqında da ətraflı məlumat vermişdir.
Missiyanın üzvləri ətraflı məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədrinə təşəkkürlərini bildirmiş və qarşıdan gələn seçkilər ərəfəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışlar.