Sentyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Sentyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 9 sentyabr 2013-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra Qüdrət Müzəffər oğlu Həsənquliyevin prezidentliyə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması barədə məsələyə baxılmışdır. Qeyd edilmişdir ki, namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər namizədin səlahiyyətli nümayəndəsi tərəfindən MSK-ya təqdim edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınması üçün əsasların olması müəyyən edilmişdir.
Komissiya Qüdrət Həsənquliyevin 2013-cü il oktyabrın 9-na təyin edilmiş prezident seçkilərində namizəd kimi qeydə alınması barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası Hafiz Ələmdar oğlu Hacıyevin prezidentliyə Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması barədə də qərar qəbul etmişdir.
İclasda Fuad Ağası oğlu Əliyevin prezidentliyə Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüş namizdəliyinin qeydə alınmasına dair məsələyə baxılmışdır. Bildirilmişdir ki, namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün MSK-ya təqdim edilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasların olduğu müəyyən edilmişdir. Belə ki, namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur. Mərkəzi Seçki Komissiyası Fuad Əliyevin namizədliyinin qeydə alınmasından imtina barədə qərar qəbul etmişdir.
Komissiya Azərbaycan Sosial Demokrat Partiyasının namizədi Araz Məmməd Mübariz oğlu Əlizadənin və Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc İbrahim oğlu Quliyevin namizədliyinin qeydə alınması barədə məsələləri də müzakirəyə çıxarmışdır. Komissiya hər iki şəxsin namizədliyinin qeydə alınması barədə qərarlar qəbul etmişdir.
İclasda 12 saylı Qaradağ –Binəqədi – Yasamal və 103 saylı Gədəbəy seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişiklilkər edilmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.