MDB PA Müşahidə Missiyasının başçısı MSK-nın sədri ilə görüşmüşdür
Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskinin başçılıq etdiyi Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının üzvləri sentyabrın 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşlər.
Qonaqları salamlayan MSK sədri qarşıdan gələn seçkilərin ölkəmizin həyatında mühüm tarixi hadisə olduğunu və böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir. O, MDB-dən olan müşahidəçilərin də qarşıdan gələn prezident seçkilərində müşahidəçilik etməsindən məmnun olduğunu bildrimişdir.
Missiyanın başçısı MDB-dən olan uzunmüddətli müşahidəçi-ekspertlərin artıq öz missiyalarını həyata keçirməyə başladıqlarını bildirmişdir. Qonaq həmin müşahidəçilərin ölkənin ayrı-ayrı bölgələrinə səfərlər etdiklərini və seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyinin şahidi olduqlarını nəzərə çatdırmışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən missiya rəhbəri hazırlıq işlərinin seçkilərin demokratik standartlara uyğun keçirilməsinə yönəlmiş şəkildə aparıldığını vurğulamışdır.
Görüşdə missiyanın fəaliyyətinin təşkili və bu sahədə əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.