MDB Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında olmuşlar
10 sentyabr 2013 19:18
Sentyabrın 10-da MDB Müşahidə Missiyasının üzvləri Vladimir Qorkun və Yevgeniy Slobada Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşlər.
Qonaqları salamlayan MSK sədri müşahidəçilik institutunun seçkilərin şəffalığı baxımlından böyük əhəmiyyətə malik olduğunu qeyd edərək missiyanın üzvlərini Azərbaycanda görməkdən məmnun olduğunu söyləmişdir.
Müşahidə missiyasının üzvü V. Qorkun bildirmişdir ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB Müşahidə missiyasının 20 nəfərlik heyəti Azərbaycana gələcəkdir. Missiyanın tərkibinə 300 nəfər qısamüddətli müşahidəçilər də daxil olacaqlar. O, seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı görülən işlər barədə suallar vermiş və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə maraqlanmışdır.
Qonaqlara 9 oktyabra təyin edilmiş prezident seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı atılmış addımlar və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verilmişdir.