Sentyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Sentyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 31 avqust 2013-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
İclasda 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyinin qeydə alınmasına dair məsələyə baxılmışdır. Qeyd olunmuşdur ki, namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər avqustun 27-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. MSK qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırma aparmış, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Sonra Komissiya nəzdindəki İşçi qrupunun rəhbəri İlham Məmmədov Ümid Partiyası tərəfindən təqdim olunmuş imza vərəqələrinin və digər sənədlərin yoxlanılmasının nəticələri barədə məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınsın.
İclasda seçki bülletenlərinin mətni və forması təsdiq edilərək qərara alınmışdır ki, ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 5 149 255 ədəd seçki bülleteni Milli Məclis Aparatının mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.
Mərkəzi Seçki Komissiyası 30 saylı Suraxanı birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişklilik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.