Avqustun 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

31 avqust 2013 17:08

Avqustun 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın 29 avqust 2013-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.

Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rauf Zakir oğlu Quliyevin namizədliyinin təsdiq olunması məsələsinə baxılmışdır. MSK Rauf Quliyevin namizədliyini təsdiq etmiş və Əlirza Kərimlini onun səlahiyyətli nümayəndəsri kimi qeydə almışdır.

İclasda namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Hidayət Əşrəf oğlu Rüstəmbəylinin də namizədliyinin irəli sürülməsi təsdiqlənmişdir.

Komissiya Sərdar Calal oğlu Məmmədovun prezidentliyə Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülməsini təsdiq etmiş və həmin partiya tərəfindən təyin olunmuş 4 nəfərin səlahiyyətli nümayəndə, 1 nəfərin isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınması barədə qərar çıxarmışdır.

Mərkəzi Seçki Komissiyası "Demokratik qüvvələrin milli şurası” seçicilərin təşəbbüs qrupu tərəfindən təyin olunmuş 20 nəfəri prezidentliyə namizədliyi təsdiqlənmiş Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi qeydə almışdır.

İclasda cari məsələlərə də baxılmışdır.

MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.