"Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyalarına start verildi
Avqustun 23-də "Four seasons” otelində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Bakı və ətraf rayon (şəhər) icra hakimiyyəti başçılarının və dairə seçki komissiyalarının sədrləri üçün "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası keçirilmişdir.
Sessiyada açılış nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirmişdir ki, Azərbaycan mühüm seçki kampaniyası ərəfəsindədir. Azərbaycanda seçkilərin demokratik, ədalətli, azad şəkildə keçirilməsi üçün zəruri olan bütün şərait yaradılmışdır. Ölkəmizdə seçkilərin demokratik keçirilməsi üçün əsas amillərdən biri olan ictimai-siyasi sabitlik hökm sürür, təkmil qanunverici baza mövcuddur. Ən əsası isə odur ki, seçkilərin qanunun tələblərinə və demokratik dəyərlərə uyğun hazırlanıb keçirilməsi ilə bağlı ölkə rəhbərliyinin siyasi iradəsi ortaya qoyulmuşdur.
MSK prezident seçkilərinin keçirilməsinə məsul olan qurum kimi üzərinə düşən vəzifələrin öhdəsindən peşəkarcasına gəlməyə çalışır. Aşağı seçki komissiyaları üçün hərtərəfli şərait yaradılmış, onların maddi-texniki təchizatı yüksək səviyyədə həyata keçirilmişdir. MSK aşağı seçki komissiyaları üzvlərinin və digər seçki subyektlərinin məlumatlandırılmasından ötrü müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir və bu qəbildən olan layihələr seçki gününədək davam etdiriləcəkdir. Bu layihələrin bəziləri beynəlxalq qurumlarla əməkdaşlıq şəraitində gerçəkləşdirilir.
Seçkilərə beynəlxalq qurumlar tərəfindən böyük maraq göstərildiyini vurğulayan sədr qeyd etmişdir ki, bu seçkilər onların da diqqət mərkəzindədir. O, Azərbaycanın beynəlxalq qurumlarla, xüsusilə ATƏT-lə
uğurlu əməkdaşlıq etdiyini söyləyərək bu əlaqələrin seçkilərin demokratik, şəffaf keçirilməsində mühüm rol oynadığını və münasibətlərin bundan sonra da bu cür davam edəcəyinə ümidvar olduğunu bildirmişdir.
İcra orqanlarının seçkilərin yüksək səviyyədə keçirilməsindəki rol və vəzifələrindən danışan M.Pənahov qeyd etmişdir ki, seçkilərin yüksək səviyyədə təşkili birbaşa yerli icra hakimiyyəti orqanları rəhbərlərinin diqqət mərkəzində olmalıdır və onlar bu məsələdə məsuliyyət daşıyırlar. Azərbaycanın gələcək taleyində müstəsna əhəmiyyətə malik bu tədbirdə icra hakimiyyəti başçıları ilə dairə seçki komissiyaları sədrlərinin qanunvericiliyin tələbləri çərçivəsində əməkdaşlığı seçkilərin daha demokratik və təkmil keçirilməsində ciddi rol oynayacaqdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəz Seçki Komissiyası və ATƏT-in Bakı ofisinin təşkilatçılığı, icra hakimiyyəti başçıları və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçirilən bu ənənəvi tədbir seçkilərə müdaxilənin yolverilməzliyi ilə bağlı müzakirələrin aparılması baxımından çox əhəmiyytli və faydalıdır.
Mərkəzi Seçki Komissiyasının sədri çıxışının sonunda tədbir işitrakçılarına qarşıdan gələn seçkilərdə uğurlar arzulamışdır.
MSK sədrindən sonra çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay isə qeyd etmişdir ki, rəhbərlik etdiyi qurumun məqsədi Azərbaycana qarşıdan gələn prezident seçkilərinin demokratik keçirilməsi istiqamətində yardım göstərməkdir. ATƏT bu istiqamətdə fəaliyyətini Azərbaycanın dövlət qurumları ilə birgə həyata keçirir.
Təmsil etdiyi qurumun Azərbaycanın azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı üzərinə düşən öhdəliklərinin icrasını dəstəkləməkdə davam edəcəyini deyən səfir Tarqay bildirmişdir ki, bu prezident seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 310 müşahidəçisi seçki prosesini izləyəcəkdir. "Bu günədək dinamik inkişaf edən Azərbaycanın qarşısında daha böyük vəzifələr durur. Azərbaycanın gələcək rifahı demokratik cəmiyyət quruculuğundan keçir” deyən səfir
prezident seçkilərinin bu prosesin uğurla aparılmasına bir sübut olacağına inamını ifadə etmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda təşkil edilən məlumat sessiyalarının əhəmiyyətini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Azərbaycan hakimiyyətinin siyasi iradəsi ölkədə prezident seçkilərinin tam demokratik keçirilməsinə imkan verir. Habelə, vurğulamışdır ki, Azərbaycan artıq seçkilərin keçirilməsi sahəsində kifayət qədər təcrübə qazanmışdır və istər MSK və aşağı seçki komissiyaları, istərsə də digər dövlət orqanları, o cümlədən icra strukturları bu sahədə yetərli dərəcədə təcrübəyə malikdirlər.
Ə.Mehdiyev bildirmişdir ki, prezident seçkiləri növbəti beş ildə Azərbaycandakı inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirmək üçün ölkənin mövqeyini və iradəsini ifadə etməyə və qərar verməyə şans yaradır. Bu baxımdan prezident seçkiləri Azərbaycanın sosial-iqtisadi, siyasi həyatında da çox əhəmiyyətli bir hadisədir. İndiyədək keçirilmiş seçkilərdə qazanılmış təcrübə və səriştə, bu prosesə cəlb olunmuş insanların peşəkarlığı imkan verəcəkdir ki, qarşıdan gələn prezident seçkiləri də yüksək səviyyədə keçirilsin.
Sessiyada Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilz çıxış edərək vurğulamışdır ki, 2013-cü il Azərbaycan üçün son dərəcə əhəmiyyətli bir ildir. Azərbaycanın beynəlxalq arenada böyük rola malik olması bu il keçiriləcək növbəti prezident seçkilərinə marağın daha da artmasına səbəb olmuşdur.
Sonra ATƏT-in Bakı ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deç, MSK sədrinin müavini Natiq Məmmədov və ekspert Hafiz Həsənov "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda çıxış etmişlər.
Tədbirin sonunda mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.
Qeyd edək ki, məlumat sessiyalarının 27 avqustda Mingəçevirdə və 30 avqustda Şirvan şəhərində müvafiq bölgələrin rayon (şəhər) icra hakimiyyəti başçıları və DSK sədrləri üçün keçirilməsi nəzərdə tutulmuşdur.