İyunun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
27 iyun 2003 12:17
İyunun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. İlk öncə Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsini təsdiq edən qərarlar qəbul edilməsi məsələsinə baxılmışdır. Komissiyanın sədri Məzahir Pənahov Yeni Azərbaycan Partiyasının Siyasi Şurası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə cənab Heydər Əlirza oğlu Əliyevin namizədliyinin irəli sürüldüyü haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.3 və 54.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentliyinə namizəd kimi təsdiq olunması yekdilliklə qərara alınmışdır.
Bundan sonra Komissiya Prezident seçkilərində namizədlikləri Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Kərimli Əli Əmirhüseyn oğlunun, Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qəmbər İsa Yunis öğlunun, seçicilərin "Xalq Cəbhəsi” təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Həsənquliyev Qüdrət Müzəffər oğlunun və Ədalət Partiyası tərəfindən irəli sürülmüş İsmayılov İlyas Abbas oğlunun Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunmaları barədə qərarlar qəbul etmişdir.
Komissiya prezidentliyə namizədlikləri təsdiq edilmiş namizədlərin ümumi məsələlər, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrini qeydə almışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.3 və 35.6-cı maddələrinə uyğun olaraq "Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili haqqında”, Məcəllənin 25.3 və 44-cü maddələrinə uyğun olaraq "Azərbaycan Respublikası Prezidentinin seçkilərində beynəlxalg (xarici) müşahidəçilərin fəaliyyət qaydaları haqqında, Məcəllənin 25.3 və 33.1-ci maddələrinə uyğun olaraq "Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əmək haqlarının ödənilməsi qaydaları haqqında”, Məcəllənin 25.3 və 35.5-ci maddələrinə uyğun olaraq "Azərbaycan Respublikası Prezidentinin seçkilərində hərbi hissələrdə səsvermənin təşkili haqqında”, Məcəllənin 25.3 və 12.2-ci maddələrinə uyğun olaraq "Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası prezidentinin seçkilərində iştirakı haqqında” təlimatların qəbul edilməsini və Məcəllənin 25.2.11-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar bəzi sənəd nümunələrinin təsdiq olunmasını qərara almışdır.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), Milli Demokratiya İnstitutunun, ATƏT-in Bakı ofisinin ABŞ-ın, Yaponiyanın və İsrailin Bakıdakı səfirliklərinin təmsilçiləri, yerli və əcnəbi kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.