Avqustun 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
Avqustun 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Məzahir Pənahov iclas iştirakçılarına 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində cənab İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması haqqında məlumat vermişdir. O, cənab İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələrinin və digər seçki sənədlərinin Seçki Məcəlləsinin tələblərinə tam uyğun olması bütün iştirakçıların diqqətinə çatdırmışdır.
Mərkəzi Seçki Komissiyası cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini qeydə almaq barədə qərar çıxarmışdır.
Daha sonra iclas gündəliyində nəzərdə tutulmuş digər məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Milli Konqres Partiyasına, habelə "Böyük Azərbaycan” seçicilərin təşəbbüs qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Elşad Musayevə əlavə imza vərəqələri verilməsi üçün müraciətlərə baxılması haqqında komissiya üzvlərini məlumatlandırmışdır. Mərkəzi Seçki Komissiyası Milli Konqres Partiyasına və prezidentliyə namizədliyi "Böyük Azərbaycan” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Elşad Musayevə əlavə imza vərəqələri verilməsini qərara almışdır.
İclasda Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Vəfa Adil qızı Dəmirovanın Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə 55 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının üzvlüyündən öz xahişi ilə vaxtından əvvəl azad edilməsi barədə məlumat vermişdir. Komissiya bu xahişə əməl olunmasını qərara almışdır.
İclasda Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar bəzi sənəd nümunələrinin təsdiq edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudovun məlumatı dinlənildikdən sonra həmin sənədlər əsas kimi qəbul olunmuşdur.
Sonda cari məsələlərə baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Bakı ofisinin,Yaponiya, Türkiyə, İsrail, ABŞ, Polşa səfirliklərinin təmsilçiləri, habelə xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.