Mərkəzi Seçki Komissiyasının sədri tələbələrə və səsvermə günü qeydiyyatda olduğu seçki məntəqəsində səsvermək imkanı olmayan digər seçicilərə müraciət etmişdir

30 avqust 2008 11:33
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahov tələbələrə və səsvermə günü qeydiyyatda olduğu seçki məntəqəsində səsvermək imkanı olmayan digər seçicilərə müraciət edərək bildirmişdir ki, Seçki Məcəlləsinin 101.2-ci maddəsinin tələbinə əsasən, səsvermə günü seçicilər siyahısına daxil edilmiş seçki məntəqəsində səs vermək imkanı olmayan seçicilər müvafiq dairə və ya məntəqə seçki komissiyasından qeydiyyatdançıxma vəsiqəsi alaraq həmin vəsiqə əsasında səsvermə günü istənilən seçki məntəqəsində səs verə bilər. Belə seçicilərdən danışarkən ilk növbədə tələblər yada düşür. Hazırda yay tətilində olan tələblər sentyabr ayından etribarən daimi qeydiyyatda olduqları yerlərdən təhsil aldıqları şəhərlərə qayıdacaqlar. Oktyabrın 15-də səs vermək üçün yenidən daimi qeydiyyatda olduqları yerlərə getməyin onlar üçün çətin olacağını nəzərə alaraq indidən DSK-lara müraciət edərək qeydiyyatdançıxma vəsiqələri əldə etsinlər. Tələbələrdən başqa, səsvermə günü müvəqqəti qeydiyyatda olduqları ərazilərdə səs vermək imkanı olmayan məcburi köşkünlər, ezamiyyətdə və ya başqa bir yerdə istirahətdə olan seçicilər də qeydiyyatdançıxma vəsiqəsi almaq hüquqlarından istifadə edə bilərlər. 

Həmin seçicilər bu vəsiqəni almaq üçün dairə seçki komissiyasına səsvermə gününə 45 gündən 25 gün qalmışa qədər, yəni avqustun 31-dən sentyabrın 2-dək, məntəqə seçki komissiyasına isə 24 gündən 3 gün qalmışa qədər, yəni sentyabrın 21-dən oktyabrın 12-dək müraciət edə bilərlər. Bir seçiciyə bir neçə qeydiyyatdançıxma vəsiqəsi verilməsi qadağandır. Qeydiyyatdançıxma vəsiqəsi seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir.