Avqustun 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

22 avqust 2003 18:17
Avqustun 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Komissiyanın sədri M.Pənahov 2003-cü il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar qeydə alınmış namizədlərə pulsuz efir vaxtının ayrılması məqsədilə Püşkatma Komissiyasının yaradılması haqqında məlumat vermişdir. Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri Azər Tağıyev, Fuad Cavadov, Ənvər Əliyev və MSK mətbuat şöbəsinin müdiri Azər Sarıyevdən ibarət püşkatma komissiyası yaradılmışdır. 

Sonra Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov qeydə alınmış prezidentliyə namizədlərə "Azərbaycan”, "Xalq qəzeti”, "Respublika” və "Bakinski raboçi” qəzetlərinin səhifələrində pulsuz yer ayrılması ilə bağlı həmin dövri nəşrlərin çəkdikləri xərclərin Mərkəzi Seçki Komissiyası tərəfindən ödənilməsi üçün vəsait ayrılması barədə məlumat vermişdir. Komissiya bu məsələnin müsbət həlli ilə bağlı qərar çıxarmışdır.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova Yeni Azərbaycan Partiyası tərəfindən vəkil təyin edilmiş 50 nəfərin qeydə alınması haqqında məlumat vermişdir. Komissiya bu məsələnin müsbət həlli ilə bağlı qərar qəbul etmişdir.

Daha sonra püşkatmanın keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasının iclasında fasilə elan edilmiş, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin və kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə püşkatma keçirilmişdir. Püşkatma başa çatdıqdan sonra nəticələr elan edilmişdir.

Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Azərbaycan Naminə Alyans Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Quliyev Arif Əmiraslan oğlunun, habelə Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq üçün təyin edilmiş İsayev Abdulla Hüseyn oğlunun təsdiq edilməsi haqqında məlumat vermişdir. Komissiya bu məsələlərin müsbət həlli barədə qərar çıxarmışdır.

Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Baxışov Müzəffər Qiyas oğlunun, habelə Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq üçün təyin edilmiş Mustafayev Yamil İsa oğlunun təqdimatı haqqında məlumat vermişdir. Komissiya bu məsələlərin lehinə rəy vermişdir. 

Mərkəzi Seçki Komissiyasının katibi İ.Nəsirov Müasir Müsavat Partiyası tərəifndən Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Həsənzadə Rauf Allahverdi oğlunun, habelə respublikanın bütün ərazisində müşahidə aparmaq üçün təyin edilmiş Məmmədov Akif Musa oğlunun təsdiq olunması haqqında təklifi diqqətə çatdırmışdır. İclas iştirakçıları bu təklifi dəstəkləmişlər.

Komissiyanın katibi V.Mahmudov Azərbaycan Respublikası prezidentliyinə namizəd Hacıyeva Lalə-Şövkət tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqla üzv təyin edilmiş Abbasov Elxan Saleh oğlunun, habelə ölkənin bütün ərazisində müşahidə aparmaq üçün təyin edilmiş Yaqubov Mahir Məmməd oğlunun təsdiq edilməsi haqqında məlumat vermişdir. Komissiya bu məsələni də müsbət həll etmişdır. 

Daha sonra MSK-nın katibi İ.Nəsirov Milli Vəhdət Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Qasımov Telman Abiəli oğlunun, habelə həmin partiya tərəfindən vəkil təyin edilmiş 50 nəfərin qeydə alınması barədə təklifi komissiya üzvlərinin nəzərinə çatdırmışdır. İclasda bu məsələlərin müsbət həlli haqqında qərar qəbul edilmişdir.

Mərkəzi Seçki Komissiyasının katibi V.Mahmudov Ədalət Partiyası tərəfindən MSK-da məşvərətçi səs hüquqlu üzv təyin edilən Məsiyev Azad Yusif oğlunun, Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq üçün təyin edilmiş Rüstəm Səməd oğlu Həsənovun və vəkil edilən 50 nəfərin qeydə alınması haqqında məlumat vermişdir. Komissiya bu məsələlərə də müsbət rəy vermişdir.

Sonra MSK üzvü Azər Tağıyev Komissiyaya daxil olmuş müraciətlərə baxılması barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası üzvləri şikayətlərlə bağlı uyğun qərarlar qəbul etmişlər.

Bundan sonra MSK üzvü Fuad Cavadov 2003-cü il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində qeydə alınmış namizədlərə pulsuz efir vaxtının bölgüsü məqsədilə keçirilmiş püşkatmanın nəticələrini elan etmişdir. Komissiya üzvləri həmin nəticələrin təsdiqlənməsinin lehinə səs verimşlər.
Komissiyanın İclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), Milli Demokratiya İnstitutunun, ABŞ, Yaponiya səfirliklərinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.