26 iyul 2003-cü ildə Mərkəzi Seçki Komissiyasında Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar 57 saylıdan 117 saylıyadək dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə müşavirə olmuşdur

26 iyul 2003 17:42

26 iyul 2003-cü ildə Mərkəzi Seçki Komissiyasında Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar 57 saylıdan 117 saylıyadək dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə müşavirə olmuşdur. Mərkəzi Seçki Komissiyası üzvləri və katibliyinin məsul əməkdaşlarının da iştirak etdiyi müşavirəni giriş sözü ilə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açmışdır. O, qarşıdan gələn Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar görülən hazırlıq işləri barədə məlumat vermiş, seçicilərin maarifləndirilməsi yönündə həyata keçirilən tədbirlərdən söz açmışdır. O, Prezident seçkilərinə hazırlığın bütün mərhələlərini əhatə edən təlimatların, əsasnamələrin, izahların və digər normativ sənədlərin yerlərə göndərilməkdən ötrü mətbəə üsulu ilə çap edildiyini, dövri mətbuat səhifələrində, dövlət televiziya və radiosu kanallarında MSK üzvləri tərəfindən geniş izahat işlərinin aparııldığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Bütün bunların Azərbaycanda prezident seçkilərinin demokratik, şəffaf və ədalətli keçirilməsinə xidmət edəcəyini xüsusi vurğulamışdır. Prezident seçkilərinə çox sayda beynəlxalq seçki qurumları nümayəndələrinin müşahidəçi qismində dəvət olunacağı müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.


Daha sonra, Məzahir Pənahov Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə ediləndən sonra ölkədə ictimai-siyasi sabitliyin getdikcə bərqərar olması sayəsində seçkilərin demokratik dəyərlərə sadiqlik prinsipləri əsasında keçirilməsi üçün geniş imkanlar yarandığını xüsusi vurğulamışdır. Seçkilərin Avropa standartlarına uyğun olaraq ədalət prinsiplərinə ciddi əməl edilməklə keçirilməsi sayəsində vətənimizin demokratiyanın durmadan inkişaf etdiyi ölkələr sırasına çıxdığını dilə gətirən Məzahir Pənahov Azərbaycan Respublikası Prezidentinin seçkilərində də ancaq qanunun aliliyinin rəhbər tutulacağına inamını bildirmişdir. O, bunun üçün Azərbaycanda möhkəm hüquqi baza formalaşdığını diqqətə çəkmişdir. Komissiyanın sədri seçkilərdə demokratik dəyərlərə təminat məsələsinin tam reallaşmasına nail olmaq üçün dairə seçki komissiyalarının üzərinə düşən vəzifələrin məsuliyyətindən də danıışmış, onların sədrlərini heç bir qanun pozuntusuna yol verməməkdən ötrü sayıq olmağa çağırmışdır. 


Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirovun "Dairə seçki komissiyalarının fəaliyyəti barədə” çıxışı öz aktuallığı baxımından tədbir iştirakçılarının marağına səbəb olmuşdur. İnqilab Nəsirov bu çıxışında dairə seçki komissiyalarının fəaliyyətində bir sıra məqamlara aydınlıq gətirməklə dinləyiciləri razı salmışdır. 


Müşavirədə Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudovun "Dairə seçki komissiyalarının formalaşmasının yekunu haqqında”, Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tagıyevin "Azərbaycan Respublikası prezidentliyinə namizədlərin seçkiqabağı təşviqatının aparılması qaydaları” haqqında məlumatları da dinlənilmişdir.. 


Bəhs edilən məsələlər ətrafında müzakirələr olmuş, dairə seçki komissiyalarının sədrlərinin onları maraqlandıran sualları ətraflı cavablandırılmışdır.


Müşavirədən sonra dairə seçki komissiyalarının nümayəndələrinə Seçki Məcəlləsi, Təlimatlar toplusunun birinci kitabı, Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı, surətçıxaran aparatlar, dairə seçki komissiyalarının möhürləri, vəsiqələr və digər materiallar verilmişdir.


1 saylıdan 56 saylıyadək dairə seçki komissiyalarının və işğal olunmuş rayonlar üzrə dairə seçki komissiyalarının sədrlərinin iştirakı ilə müşavirənin iyulun 28-də keçirilməsi nəzərdə tutulmuşdur.
Müşavirədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.