İyulun 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
İyulun 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Əvvəlcə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli və 30 iyun 2003-cü il tarixli iclas protokollarının təsdiq edilməsi haqqında məlumat vermişdir. Komissiya həmin iclas protokollarının təsdiq olunmasını qərara almışdır. Sonra Mərkəzi Seçki Komissiyasının katibi İnqialb Nəsirovun 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçicilərin ”Xilaskar” təşəbbüs qrupu tərəfindən irəli sürülmüş cənab Mütəlibov Ayaz Niyazi oğlunun prezidentliyə namizədliyinin təsdiq olunub-olunmaması barədə məsələ müzakirə edilmişdir. İnqilab Nəsirov prezidentliyə namizədliyi irəli sürülmüş şəxs haqqında Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş sənədlərin qüsurları barədə danışmış və təkzibolunmaz faktlar gətirmişdir. Komissiya cənab Mütəlibov Ayaz Niyazi oğlunun prezidentliyə namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev iclas iştirakçılarına "Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Təlimat”ın təsdiq edilməsi barədə məlumat vermişdir. Bu sənəd müzakirə edilərək əsas kimi qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov "Dairə seçki komissiyasının Reqlamenti haqqında” və "Məntəqə seçki komissiyasının Reqlamenti haqqında” məlumatla çıxış etmişdir. Hər iki sənədin əsas kimi təsdiq olunması qərara alınmışdır.
İclasda "Azərbaycan Respublikası prezidentliyinə namizədliyi təsdiq edilməmiş şəxslərin təkrar müraciətlərinə baxılması haqqında məsələ müzakirəyə çıxarılmışdır. Komissiya belə qərara gəlmişdir ki, prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyasında təsdiq edilməmiş şəxslər barədə özlərinin, təşəbbüs qruplarının, siyasi partiyaların və siyasi partiyalar bloklarının müraciətlərinə baxılmasın.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin təmsilçiləri, habelə xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişliər.