Dekabrın 1-dən etibarən aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanmışdır.

01 dekabr 2009 17:18

Dekabrın 1-dən etibarən aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanmışdır. Aşağı seçki komissiyalarının 30 minə yaxın üzvünü əhatə edəcək treninqlərin keçirilməsində məqsəd komissiya üzvlərinin peşə hazırlığı səviyyələrinin daha da yüksəldilməsidir.

Treninqlər Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış trenerlər (hər dairə seçki komissiyası üzrə 2 trener) tərəfindən keçirilir. Aşağı seçki komissiyalarının üzvləri kiçik qruplar şəklində treninqlərdə iştirak edirlər.

Həmin trenerlər aşağı seçki komissiyalarının üzvlərinə səsvermə günü həyata keçiriləcək seçki hərəkətləri ilə bağlı təqdimatlar edir və praktiki məşğələlər keçirlər. Trenerlər təqdimat və məşğələlərin daha səmərəli keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən əyani vəsaitlər, müasir multimedia vasitələri və s. texniki avadanlıqlarla təchiz olunmuşlar.
MSK tərəfindən təqdim olunmuş qrafikə uyğun olaraq keçirilən treninqlər dekabr ayının 10-dək davam edəcəkdir.
Xatırladaq ki, bu tədbir Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə bağlı hazırladığı maarifləndirmə proqramının tərkib hissəsidir.