Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
14 iyul 2003 17:13
Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.İclasda ilk öncə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar qeydə alınmış prezidentliyə namizədlərin vəsiqə nümunəsinin təsdiq edilməsi haqqında məlumatı dinlənilmişdir. Sənəd müzakirə edildikdən sonra müəyyən təkliflər nəzərə alınmaqla təsdiq olunmuşdur.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova Vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasının üzvlüyünə irəli sürülmüş şəxslərin təsdiq edilməsi haqqında, Mərkəzi Seçki Komissiyasının üzvü Asəf Mahmudov Vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasının üzvlüyünə irəli sürülmüş şəxslərin təsdiq edilməsi haqqında, Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Milli Məclisdə təmsil olunmayan və vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilər zamanı ən çox səs qazanmış 4 siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasının üzvlüyünə irəli sürülmüş şəxslərin təsdiq edilməsi haqqında məlumat vermişlər.
Komissiya həmin məsələlərin təsdiq olunmasını yekdilliklə qərara almışdır.
Daha sonra Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov "Vətən” seçicilərin təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab Hüseyn Şadman Bəhlul oğlunun prezidentliyə namizədliyinin təsdiq olunması haqqında məlumat vermiş, təqdim olunan bütün sənədlərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun hazırlandığını bildirmişdir. Komissiya səs çoxluğu ilə Hüseyn Şadman Bəhlul oğlunun prezidentliyə namizədliyinin təsdiq olunması və səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə qərar qəbul etmişdir.
Komissiya seçicilərin təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş cənab Tukanov Musa Davud oğlunun prezidentliyə namizədliyinin təsdiq oluması haqqında komissiyanın katibi İnqilab Nəsirovun məlumatını dinləmişlər. O, Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş sənədlərin Seçki Məcəlləsinin tələblərinə tam cavb vermədiyini iclas iştirakçılarının nəzərinə çatdırmışdır. Komissiya Tukanov Musa Davud oğlunun prezidentliyə namizədliyini təsdiq etməməyi qərara alsmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), Yaponiya , ABŞ, Türkiyə və İsrail səfirliklərinin təmsilçiləri, xarici və yerli kütləvi informasiya vasitələrininin nümayəndələri iştirak etmişlər.