Noyabrın 24-də ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsi "Aqo" monitorinq qrupunun nümayəndə heyəti MSK-nın sədri Məzahir Pənahovla görüşmüşdür.
"Aqo" monitorinq qrupunun rəhbəri Stelian Stoyan Mərkəzi Seçki Komissiyasının sədrinə səmimi qəbula görə təşəkkürünü bildirmiş və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı komissiyanın gördüyü işlər, atacağı addımlarla maraqlanmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri bələdiyyə seçkilərində mühüm bir mərhələ olan namizədlərin qeydə alınması prosesinin artıq başa çatdığını və 32 minə yaxın namizədin qeydə alındığını vurğulayaraq qeyd etmişdir ki, bu seçkilərdə 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınmışdır.
Ümumilkdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər. Noyabrın 25-dən bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilir ki, həmin subyektlərin təşviqat aparmaları üçün hərtərəfli şərait yaradılmışdır.
Mərkəzi Seçki Komissiyası ənənəvi olaraq genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirir ki, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil olunmuş kurslar, Prezident Administrasiyası və MSK-nın ATƏT-in Bakı ofisi ilə birgə keçirdiyi yerli icra hakimiyyəti başçıları və DSK sədrləri üçün məlumatt sessiyası da bu qəbildəndir.
Hazırda məntəqə seçki komissiyalarının üzvlərinə treninq keçəcək DSK trenerləri üçün MSK-nın treninq qrupu tərəfindən məşğələlər keçirilir. Dekabrın əvvəlindən isə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılacaq.
M. Pənahov seçicilərin maarifləndirilməsi ilə bağlı həyata keçirilən və gerçəkləşdiriləcək layihələr barədə də məlumat verərək bildirmişdir ki, seçkilərin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımlar bundan sonra da atılacaq və seçkidə iştirak edən vətəndaşların seçki hüquqların tam təmin olunacaq.