İyulun 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
13 iyul 2003 17:10
İyulun 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Azərbaycan Respublikası prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş cənab Rüstəmov Kamran Ənvər oğlunun namizədliyinin təsdiq edilməsi haqqında komissiya üzvlərinə məlumat vermişdir. Rüstəmov Kamran Ənvər oğlunun Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlər Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun hazırlanmadığına görə onun prezidentliyə namizədliyi təsdiq olunmamışdır.
Komissiyanın katibi İnqilab Nəsirov görmə qabiliyyətini itirmiş seçicilərin köməkçi olmadan səsverməsi üçün xüsusi trafaret formasının tətbiqi barəsində məlumat vermişdir.Mərkəzi Seçki Komissiyasının üzvləri Azərbaycan Respublikasının seçki tarixində ilk dəfə tətbiq olunacaq bu yeniliyin görmə qabiliyyəti olmayan adamlar tərəfindən sevinclə qarşılanacağına əminliklərini bildirmiş və təqdim edilən trafaret formasının tətbiqinin həmin şəxslərin seçki hüquqlarının sözdə deyil, işdə təminatının bariz nümunəsi olduğunu qeyd etmişlər. Xüsusi səsvermə trafaretinin formasının təsdiq olunması yekdilliklə qərara alınmışdır.
İclasda daha sonra Mərkəzi Seçki Komissiyasının üzvü İham Məmmədovun Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar olaraq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrindən daxil olan müraciət haqqında məlumatı dinlənilmişdir. Komissiya həmin müraciəti araşdırılıb müvafiq tədbir görül məkdən ötrü Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərməyi qərara almışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), xarici və yerli kütləvi informasiyya vasitələrinin nümayəndələri iştirak etmişlər.