Oktyabrın 27 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası
Əvvəlcə Komissiyanın 20 oktyabr 2009-cu il tarixli iclasının protokolu təsdiq edilmişdir. Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov seçki komissiyalarının səsvermə protokollarına dair məsələ barədə məlumat vermişdir.
Komissiya qərara almışdır ki, 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə uyğun olaraq, seçki dairələri üzrə bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, seçki keçirilən bələdiyyələrin sayına müvafiq olaraq dairə seçki komissiyaları və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün, habelə həmin qurumların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.
İclasda 28 saylı Sabunçu üçüncü və 42 saylı Sumqayıt ikinci dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri oktybarın 27-dək bələdiyyə seçkilərində passiv seçki hüququndan istifadə etmiş vətəndaşlar barədə məlumat verərək bildirmişdir ki, 20. 704 nəfərin namizədliyi təsdiqlənmişdir ki, onlardan 18. 822 nəfəri DSK-lardan imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlamışlar.
Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 4666 nəfəri bitərəflər, yerdə qalanlar isə 25 siyasi partiyanı əhatə edirlər. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.