Gəncədə bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib
Gəncə şəhərində Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) birgə layihəsi çərçivəsində Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib.
Tədbirdə Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin nümayəndələri, eləcə də region üzrə dairə seçki komissiyalarının sədrləri, polis idarələri və şöbələrinin nümayəndələri iştirak ediblər.
Çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov bildirib ki, qarşıdan gələn bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlıq görülür. Seçkilərin şəffaf və ədalətli keçirilməsi, həmçinin fərqli statuslu seçki iştirakçılarının maarifləndirilməsi məqsədilə regionlarda müxtəlif istiqamətlər üzrə layihələr davam etdirilir.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov “Seçki subyektləri, onların hüquq və vəzifələri. Seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi”, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsində idarə rəisi Sənan Əliyev “Seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri. Seçkidən sonrakı dövrdə seçki bülletenləri və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi” mövzularında çıxışlar ediblər.
Bələdiyyə seçkilərinə hazırlıq mərhələsi, seçkiqabağı təşviqat dövrü, o cümlədən səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrinə dair çıxışlar dinlənildikdən sonra fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn layihə növbəti mərhələdə yanvarın 17-də Şəkidə, yanvarın 18-də Şirvanda və yanvarın 21-də Naxçıvanda regionlar üzrə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı ilə keçiriləcək.
AZƏRTAC