2024-cü il noyabrın 26-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

26 noyabr 2024 18:05

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il noyabrın 26-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 6 noyabr 2024-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi məsələsinə baxılıb. Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanuna əsasən bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılıb. Həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Qanunla “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı” yeni redaksiyada verilib. Qeyd olunanlarla əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun müvafiq tənzimləmələri həyata keçirmək məqsədilə bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsinə dair təkliflərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Komissiya üzvlərinin geniş və hərtərəfli müzakirəsindən sonra yerli şərait və digər şərtlər də nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə uyğun şəkildə seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi diqqətdə saxlanılaraq, bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsinə və Komissiyanın rəsmi internet səhifəsində bununla bağlı müvafiq bazadakı informasiyanı yeniləməklə ictimaiyyətin məlumatlandırılmasının təmin olunmasına qərar verilib.

İclasda daha sonra Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarına dair məsələyə baxılıb və Komissiyanın qərarı ilə bəzi normativ xarakterli aktlar son dövrlər qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb.

Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub və cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi