Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Özbəkistan Ali Məclisinə seçkiləri müşahidə edəcək
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşüb.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi 2024-cü il oktyabrın 27-də Özbəkistan Respublikasının Ali Məclisinə keçiriləcək seçkiləri izləməkdir.
Səfər proqramına uyğun olaraq, Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin Özbəkistanlı həmkarı, həmçinin seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur. Görüşlər zamanı qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılması planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası Özbəkistan Ali Məclisinə seçkilərin müşahidəsində müxtəlif beynəlxalq təşkilatlarda da təmsil olunur. Belə ki, Komissiyanın digər təmsilçiləri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də sözügedən seçkilərin izlənilməsinə qatılıblar.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi