2024-cü il sentyabrın 14-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

14 sentyabr 2024 18:20

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 14-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 12 sentyabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar ərizəçilərin, maraqlı subyektlərin və media mənsublarının da iştirakı ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvlərinin geniş müzakirəsinin ardınca, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə baxılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Daxil olan müraciətlərin və müxtəlif mənbələrdən əldə edilən məlumatların ərizəçilərin özlərinin də bilavasitə iştirakı ilə tamamilə şəffaf, hərtərəfli və obyektiv araşdırılmasının nəticəsi olaraq, seçicilərin iradəsinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünə və seçki qanunvericiliyinə uyğun olmayan digər hallara görə 42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.

Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi