2024-cü il avqustun 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16 avqust 2024 18:40

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il avqustun 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 10 avqust və 12 avqust 2024-cü il tarixli iclas protokolları təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə “exit-poll” keçirmək niyyəti ilə daha bir qurumun – “Sosioloji Tədqiqatlar Mərkəzi”nin qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada Mərkəzi Seçki Komissiyasına ünvanlanan müraciətinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən qurumun müraciəti təmin olunub və Milli Məclisə seçkilərdə "exit-poll” keçirmək üçün qeydə alınıb.

İclasda daha sonra 36 saylı Xətai – Suraxanı seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.

Beynəlxalq müşahidə missiyası təmsilçiləri, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi, habelə media subyektləri nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilən iclasda, həmçinin Milli Məclisə seçkilərə hazırlıqların gedişi, intensiv şəkildə davam edən irimiqyaslı layihələr barədə ətraflı məlumat verilib və cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi