2024-cü il avqustun 1-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il avqustun 1-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 27 iyul 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin olunan məşvərətçi səs hüquqlu üzvün təsdiq edilməsinə qərar verilib.
İclasda daha sonra 23 saylı Nəsimi – Səbail, 69 saylı Biləsuvar və 96 saylı Goranboy – Naftalan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Beynəlxalq müşahidə missiyası və media subyektləri nümayəndələrinin qatıldığı iclasda qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə də baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciət, maraqlı subyektin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərar qəbul olunub.
İclasda, həmçinin Milli Məclisə seçkilərə hazırlıq istiqamətində proseslərin qanunvericiliyin tələblərinə uyğun gedişi və Komissiya tərəfindən ardıcıl, sistemli şəkildə reallaşdırılan layihələr barədə məlumat verilib, müxtəlif məsələlərə dair statistik göstəricilər diqqətə çatdırılıb və cari məsələlərə baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi