Naxçıvanda Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib

30 iyul 2024 18:35

Naxçıvanda bu il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi (DİN) ilə birgə layihəsi çərçivəsində seminar-müşavirə keçirilib.

Muxtar respublikanın Daxili İşlər Nazirliyində təşkil olunan seminar-müşavirədə əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin nümayəndələri, muxtar respublika üzrə 6 seçki dairəsinin dairə seçki komissiyalarının sədrləri, polis idarələri və şöbələrinin əməkdaşları iştirak ediblər.

Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu Hidayət Heydərovun fransalı Con Benjamin Qabanı məğlub edərək qızıl medal qazanması münasibətilə təbriklərini çatdırıb, seminar-müşavirənin əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai təhlükəsizlik idarəsinin rəisi Cavid Cəfərov Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrindən danışıb.

Sonra Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi ilə bağlı çıxış edib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində idarə rəisi Sənan Əliyev seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülletenlərin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verib.

Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


AZƏRTAC