Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində Gəncədə seminar-müşavirə keçirilib
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi (DİN) ilə birgə layihəsi çərçivəsində Gəncədə seminar-müşavirə keçirilib.
Gəncə 2-ci polis şöbəsində keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Mehman İbrahimov, Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin nümayəndələri, dairə seçki komissiyalarının sədrləri, polis idarələri və şöbələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrindən danışılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadə tədbirdə seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusunda çıxış edib.
Sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsində idarə rəisi Sənan Əliyev seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin, digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verib.
Sonda suallar cavablandırılıb.
AZƏRTAC