Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan layihə reallaşdırılıb

24 iyul 2024 11:20

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində iyulun 24-də Bakı şəhərində Radisson oteldə dəyirmi masa təşkil edilib.

Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı əsasında gerçəkləşdirilən layihə cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri günbəgün güclənən Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan geniş və hərtərəfli imkanların müzakirəsinə həsr olunub.

Tədbir Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın salamlama və açılış nitqləri ilə başlayıb. Onlar qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn müxtəlif layihələrin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, məlumatlılığının artırılması və fəallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Açılış nitqlərindən sonra dəyimi masanın gündəliyinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçilərinin təqdimatları dinlənilib. İştirakçılar seçki hüququnun konstitusion əsasları, onun təmin edilməsi və həyata keçirilməsi formaları, eləcə də Milli Məclisə seçkilərdə qadınların fəallıqlarını daha da artırması üçün imkanlar barədə ətraflı məlumatlandırılıb.

Tədbirdə Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərləri və digər təmsilçiləri ilə yanaşı, qadın məsələlərinə dair təşkilatlar, vətəndaş cəmiyyəti institutları və ictimai birliklərin nümayəndələri iştirak edib.

Dəyimir masa qadınların seçkilərdə iştirakı ilə bağlı müxtəlif mövzular ətrafında geniş müzakirələrdən və meydana çıxan suallar cavablandırıldıqdan sonra öz işini yekunlaşdırıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi