Naxçıvanda MSK tərəfindən seminar-müşavirə keçirilib

23 iyul 2024 19:50

Dünən Mərkəzi Seçki Komissiyası tərəfindən Ali Məhkəmə və Apellyasiya Məhkəmələri ilə birgə layihə çərçivəsində növbədənkənar parlament seçkilərində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib. Həmin tədbirlərin tərkib hissəsi olaraq bu gün isə Naxçıvan “ASAN xidmət” mərkəzində sözügedən mövzu ilə bağlı seminar-müşavirə keçirilib.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, bu cür tədbirlər seçki vaxtı namizədlərin narazılıqlarının sayının azalmasında, şikayətlər qarşısında ədalətli qərar verməklə həllində xüsusi önəm daşıyır. Seçkilərdə qeydiyyata alınmış 26 siyasi partiyadan 25-nin iştirak etdiyini vurğulayan komissiya üzvü vətəndaşların seçki hüquqlarının realizə olunmasında qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmələrinin vacibliyini diqqətə çatdırıb və bununla əlaqədar zəruri tövsiyələr verib. O, dairə seçki komissiyalarında MSK-ya MSK-dan da məhkəməyə ünvanlanan şikayətlərin məhz bu tədbirlər vasitəsilə elə birinci mərhələdə həll olunacağına ümidvar olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Səxavət Novruzov çıxış edərək qeyd edib ki, şikayətlərə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən baxılır. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa iki gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.

Sonra Ali Məhkəmənin hakimi Müşfiq Həsənovun “Seçkilərdə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər”, Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadənin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri” mövzularında çıxışları dinlənilib.

Seminar-müşavirəyə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrdən sonra yekun vurulub.


AZƏRTAC